Əlağa Vahid
Əliağa Vahid (əsl adı: Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17 fevral 1895, Bakı – 1 oktyabr 1965, Bakı) — Azərbaycan-sovet şairi, qəzəlxanı Azərbaycan SSR əməkdar incəsənət xadimi (17 iyun 1943).
Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.[nə vaxt?]
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.